Bu sualı 9 yaşlı Sofiya ötən il ABŞ prezidenti Barak Obamaya ünvanlayıb. Prezident çıxışlarının birində bu barədə danışıb, deyib ki, ona məktub yazan balaca bir qız belə bir sual qoyub. O, bunu “əla ideya” adlandırıb. Obama Sofiyanı hər il Ağ Evdə keçirilən Easter Egg Roll (“Pasxa Yumurta Oyunu”) bayramına dəvət edib.

Bəs Sofiya prezidentə niyə belə bir məktub yazıb? Massachusetts ştatından olan, hazırda 4-cü sinifdə oxuyan Sofiya 17-ci əsrdə qadın hüquqları uğrunda mübarizə aparmış Ann Hutchinson-un fəaliyyəti barədə oxuyub və ağlına gəlib ki, niyə dollar əskinazının və ya sikkənin üzərində qadın şəkli əks olunmayıb?

“Məktəbdən evə gəldim və dedim ki, prezidentə yazmaq lazımdır”, – Sofiya məktubunda qeyd edir.

20 dollarlıq əskinazda qadın şəkli olsun – kampaniyası gedir

Obama bu məktub barədə danışandan sonra 20 dollarlıq əskinaza qadın şəkli vurulması üçün kampaniya başlayıb. Online səsvermə imkanı yaradılıb. İctimaiyyət sorğuda hansı qadının şəklini 20 dollarlıq əskinazın üzərində görmək istədiyini bildirir. İndiyədək təxminən 220 min səsvermə olub. Sofiya isə W20 (Q20) kampaniyasının kiçik səfiridir.

20 dollarlıq əskinazda ABŞ-ın yeddinci prezidenti Andryü Jakson-un şəkli var. Maraqlıdır ki, Andryü Jakson yerini hansı qadına “güzəşt etməli” olacaq?

Sofiya Barak Obamaya yazdığı məktubda göstərib ki, Amerikada şəkli əskinazın üzərinə əks olunası çoxlu dəyərli qadın var. Onun siyahısındakı qadınlar arasında Ann Hutchinson, Hilari Klinton, Mişel Obamanın da adı var.

Obamadan məktub var

Obamadan məktub var

 

Prezident məktubunda yazır…

Sofiyanın məktubunu cavabsız buraxmayan prezident yazıb ki, bu gözəl ideyaya görə ona təşəkkür edir: “Sənin çox təsiredici siyahın var. Onu da deməliyəm ki, sən də çox gözəl təsir edə bilirsən”.

Obama yazıb ki, o, qızın böyüdüyü bu ölkədə qadınların da kişilərlə tam bərabərhüquqlü olması üçün əlindən gələni edəcək.

Kiçik Sofiya isə böyüyəndə ya müəllim, ya da alim olmaq istəyir. Gənc dostuna xərçəng diaqnozu qoyulandan sonra o, müalicə işini öyrənəcəyini deyir.

Mənbə: Time.com