Bu günlərdə ABŞ-da yaşayan görkəmli musiqiçi, piano ustası maestro Çingiz Sadıqovun 86 yaşı tamam olub. Çingiz Sadıqovun bir neçə il bundan əvvəl Amerikanın Səsinə müssahibəsini təqdim edirik.

Çingiz Sadıqov 1929-cu ildə Şuşada anadan olub. O, 1994-cü ildən ABŞ-da San Fransisko şəhərində yaşayır. Amerikada yaşayan azərbaycanlılar arasında Çingiz Sadıqovu tam yəqinliklə çoxlarının sevimlisi adlandırmaq olar.  Lakin, o təkcə diaspor üzvləri arasında populyar deyil. Çingiz Sadıqov ABŞ-ın bir sıra şəhərlərində və Kanadada konsertlərlə çıxış edib. Azərbaycanın tanınmış musiqiçisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi təbrik məktubu göndərərək təbrik edib. Məktubda maestro Çingiz Sadıqovun Azərbaycan xalqının fərəh mənbəyi olmaqla yanaşı, dünya musiqisevərləri tərəfindən sevildiyi qeyd edilib.

Dilşad Əliyarlı: Necəsiniz, Çingiz müəllim, həyatınızdan razısınızmı?

Çingiz Sadıxov: Çox yaxşıyam, özümü də yaxşı hiss edirəm. Qızlarım, nəvələrim yanımdadır. Dörd nəvəm var. Qızlarımın ikisi də musiqiçidir. Həftədə bir dəfə hamımız görüşürük. Onlar yaxınlıqdakı San Xose şəhərində yaşayırlar.  Belə qərara gəldik ki, yaşlananda bir-birimizdən məsafədə yaşasaq yaxşıdır. Cavanların öz işi, mənim Ceyranla öz işim var, belə bir-birimizə mane olmuruq. Bir də ki, mən bu şəhəri çox sevirəm. 15 il bundan əvvəl mən bu şəhərə gəlmişəm və bütün15 ili də burada yaşayıram.

Dilşad Əliyarlı: Çingiz müəllim, bəs siz necə, özünüzü musiqi ilə əhatə edə bilirsinizmi?

Çingiz Sadıqov: Bəli, bəli. Mənim burada konsertlərim olur, məni çoxsaylı tədbirlərə dəvət edirlər. Amerikanın 40-ya yaxın şəhərində konsertlərim olub. Kanadaya da dəvət olunmuşam. Amerikalılar üçün də konsert verirəm, amma daha çox məni Azərbaycan diasporu üçün konsertlərə dəvət edirlər.  Amerikalılar da bizim musiqini böyük maraqla dinləyir, çox da xoşlarına gəlir.  Bilirsinizmi, mən Azərbaycan musiqisini tarda, qarmonda, ya da kamançada ifa edilən kimi çalmıram. Melodiyanı saxlayıram, amma akkompaniment hissəsini, harmonizasiyasını bugünkü melodiyalara uyğunlaşdırıram. Ona görə də amerikalılar və başqa xalqlar tanış səsləri eşidəndə həmin musiqini başa düşür və melodiya onların xoşuna gəlir. Amerikalılar Azərbaycan musiqisinə etnik musiqi kimi baxmır, onu tanıdıqları müasir bir musiqi kimi qəbul edirlər. Bir dəfə konsertdə gördüm ki, bir amerikalı qadının gözlərindən yaş axır, soruşdum “sizə nə olub?”  Qadın dedi ki, mən musiqini sevən bir adamam və çox musiqi dinləmişəm, amma hələ elə bir musiqi dinləməmişəm ki, sizin musiqiniz qədər adamın ürəyinə işləsin. Mən hesab edirəm ki, bütün Şərq aləmində Azərbaycan musiqisi kimi insanın ürəyindən gələn bir musiqi yoxdur.

Dilşad Əliyarlı: Sizin üçün həyatda ən mühüm nədir?

Çingiz Sadıqov: Mənim ailə üzvlərim və musiqi. Bilirsiniz, əslinə qalanda, mühüm şeylər çoxdur. Dostluq, doğruluq, mərhəmət, bunlar mühümdür. Gərək dostluqda sədaqətli olasan, yalan danışmayasan və əlbəttə, ən yaxın adamlarının sağlamlığı və bir də mənim  pianom.

Doğrusunu deyim, bax, görürsünüz, pianino burada durub, aylarla yaxın getmirəm. Ovqatım təlx olanda, oturub bir az çalıram, özümə gəlirəm. Mən konservatoriyada oxumuşam. Bundan əvvəl isə Üzeyir Hacıbəyov konservatoriyanın nəzdində istedadlı uşaqlar üçün bir məktəb yaratmışdı, sonradan bu Bülbül adına məktəb oldu, amma o zaman adı belə idi. Demək, əvvəlcə, o məktəbi qurtardım, sonra konservatoriyanı bitirdim, ondan sonra isə Moskvada aspiranturaya daxil oldum. Bu illər ərzində, yəni 18 il hər gün 8 saat piano arxasında oturub çalmışam. Hər gün…  Yadımdadır, 13-14 yaşlarında olanda məktəbdən gəlirdim, görürdüm uşaqlar küçədə futbol oynayır. Mən də durub beş dəqiqə onlara baxıb qalxırdım evə, yeməyimi yeyib oturardım pianonun arxasında. Günorta 4 saat, sonra da axşam 4 saat ifa edərdim. Demək olar ki uşaqlığım olmayıb. Futbol oynamamışam, uşaqlarla küçədə durmamışam, dalaşmamışam. İndi elə bir fundament var ki, hər gün məşğul olmaq lazım deyil.

Dilşad Əliyarlı: Çingiz müəllim, Amerikada özünüzü xoşbəxt hiss edirsinizmi?

Çingiz Sadıqov:  Bilirsinizmi, dünyada ideal yer yoxdur. Heç bir yerdə. Hər yerdə yaxşı da var, pis də… Amerikada yaşlılar üçün hər çür imkanlar var. Burada xoşuma gələn şeylər də var, xoşuma gəlməyənlər də. İnsanların bir-biri ilə görüşməyə vaxtı olmamasını heç cür başa düşmürəm. Nəvələrim özlərini burada tam rahat hiss edir. Burada böyüyüb boya-başa çatıblar. Nəvələrimdən birinə bu yaxınlarda toy da elədik. Çox əla keçdi. Əsl Azərbaycan toyu idi, musuqisi, bütün dəm-dəstgahı ilə. Mənə gəldikdə isə artıq 80 yaşım var. Bura üçün hələ gəncəm, hətta evlənmək də olar.

Mənbə: AmerikanınSəsi