Afinalılar qarşısında siyasi nitq söyləmək natiqdən böyük məharət, həyat təcrübəsi, dərin ağıl, xüsusi istedad və bilik tələb edirdi. Demosfen o vaxta qədər məhkəmə işlərini yaxşı bilirdi, müştərilər üçün nitq yazırdı. Lakin Afina dövlətinin siyasi həyatını, iqtisadi mövqeyini, diplomatiyasını dərindən öyrənməyə hələ imkan tapa bilməmişdi. Kütlə qarşısında nitq söyləmək təcrübəsi yox idi. Üstəlik, fiziki cəhətdən də o qədər də sağlam deyildi. Danışıq orqanlarında, zahiri hərəkətlərində bir sıra qüsurlar var idi: danışanda əsəbiləşir, sağ çiynini tez-tez atır, cır səslə qışqırıb özünü yorur, “p” səsini düzğün tələffüz etmir və səs tonuna, intonasiyasına xüsusi məna verməyi bacarmırdı. Belə qüsurları olan adam əslində natiqlik sənətindən əl çəkməli idi.

Demosfen isə inadından dönmür, qarşısına qoyduğu məqsədə doğru can atır. Bir neçə dəfə siyasi nitq söyləyir, uğursuzluğa, hətta məğlubiyyətə düçar olur, ona gülürlər.

Kim olsaydı, bu məğlubiyyətdən sonra ruhdan düşüb, siyasi natiqliyin hec adını tutmazdı. Amma Demosfen…

O öz üzərində elə işləyir, məqsədinə – siyasi natiq olmağa o qədər inadla can atır və 30 il Afinanın ən görkəmli natiqinə çevrilir!

Kamil Əliyev: “Natiqlik sənəti”