ABŞ-da yaşayan azərbaycanlı hüquqşünas, “İ.S. LawFirm PLLC” ofisinin rəhbəri, Amerika Birləşmiş Ştatları hüquq doktoru İsmayıl Şahtaxtinski “Media forum” saytına miqrasiya məsələləri ilə bağlı müsahibə verib.

– İsmayıl bəy, prezident Barak Obamanın ABŞ-da yaşayan miqrantların problemlərinin həlli ilə bağlı son açıqlamaları nəyi həfədləyir?

– Obamanın son açıqlamaları Konqresin qeyri-effektivliyinin nəticəsidir. ABŞ Konstitusiyasına görə, miqrasiya qanunları Konqresdə qəbul olunmalıdır. Amma son illər respublikaçı konqresmenlər miqrasiya qanunlarında islahat aparılması ilə bağlı bütün təklifləri boykot edirlər. Ona görə də Konqresdə heç bir yeni qanun səsverməyə qoyula bilmir. Barak Obama bu səbəbdən son açıqlamasında dedi ki, bu işləri təkbaşına həll edəcək. Konstitusiya prezidentə bəzi məsələləri öz sərəncamına götürmək səlahiyyəti verə bilər. Bu, “executive order” adlanır. Və Obamanın dediyi də odur ki, artıq Konqres bu məsələləri həll etmədiyindən o, “executive order”ə əl atacaq.

– ABŞ yalnız siyasi mühacirətimi dəstəkləyir?

– Xeyr. Miqrasiyanın çox yolu var. Həm də siyasi miqrasiyadan danışanda “dəstəkləmək” demək olmaz, çünki əslində ABS siyasi miqrantları qəbul etməyə məcburdur. Yəni siyasi mühacirət Amerika üçün faydalı yox, məcburi yoldur. Siyasi mühacirət BMT-nin qaçqınlar haqqında konvensiyası nəticəsində mandat edilmiş prosesdir. ABŞ daxil olmaqla o konvensiyanı imzalayan ölkələrin hamısı sığınacaq almağa haqqı çatanlara sığınacaq verməyə məcburdur. Başqa miqrasiya yolu da var: ailə, biznes, işləmək və s. Bunlar haqda bizim saytda (amerikavekil.com) ətraflı yazılıb.

– ABŞ əsasən hansı ölkənin potensial miqrantlarına cəlbedici görünür? Azərbaycanlılar üçün necə, ABŞ-da yaşamaq canatımı varmı?

– ABS-a dünyanın hər ölkəsindən miqrasiya olur. Ancaq ən çox miqrant gələn ölkələr Çin, Hindistan, Filippin və Latın Amerikası ölkələridir. Azərbaycandan bura gəlmək istəyən çoxdur. Ən çox da tələbə kimi gəlirlər və burda qalırlar. Amma son zamanlar biznes məqsədilə və ya siyasi sığınacaq tapmaq üçün gələnlər daha çoxdur.

– Amerikada yaşamaq imkanı qazanmaq çətindirmi? Məsələn, bir subay adam ABŞ-da yaşayan doğmasına baş çəkmək istəyəndə viza ala bilmir. Çünki onun ABŞ-da evlənib qalması ehtimalı nəzərə alınır. Bir tərəfdən “Yaşıl kart” (Green kard) tənzimləməsi, digər tərəfdən belə məhdudiyyətlər fonunda ABŞ-ın miqrant siyasəti necə baş verir?

– Hər kəsin ABS-a gəlmək şansı var. Sadəcə, viza üçün müraciət edəndə gərək bürün lazımi tələblər qarşılansın və tələb olunan sənədlər verilsin. Elə sizin çəkdiyiniz misalı müzakirə edək – subay adam öz doğmasına baş çəkmək istəyir. Həmin o adamın əgər ölkəsində işi, yaşayış imkanları, məşğuliyyəti və onu öz ölkəsinə bağlayan başqa şeylər varsa, onda bunu sübut edib viza ala bilər. Ümumiyyətlə, hər şey düzgün hazırlansa, müsahibədə bütün suallara düzgün cavablar verilsə, onda viza ala bilər. Biz elə məhz sənədlərin hazırlanmasında, müsahibəyə hazırlaşmaqda müştəriyə kömək edirik. Müştərinin dünyanın harasında olmasının əhəmiyyəti yoxdur. Çünki müştəri ilə əlaqə saxlamağımız üçün bir çox vasitəmiz var.

– Siz “gənc lider” kimi tanıtdığınız bir azərbaycanlıya miqrant statusu almağa kömək etmisiniz. Bu barədə danışardınızmı?

– Biz bir neçə gənc liderə miqrant statusu almağa kömək etmişik. Təəssüf ki, mən işlərin məzmunu haqda detallı danışa bilmirəm, çünki həmin adamların kimliyinin tanınması qorxusu var.

– Ümumiyyətlə, miqrant statusu almaq üçün şərtlər nədir?

– Hər miqrant növünün öz şərti var. Ən əsas şərtlər budur ki, keçmişdə kriminal əməllərin olmasın, terrorizmə dəstək verməyəsən, saxta yollarla Amerikaya viza almayasan. Yəni kriminal və mənəvi məsələlərdə pozuntular Amerikada yaşamaq yolunu bağlayır. Əlbəttə, istisnalar həmişə var. Bu, ümumi şərtlərdir. Bundan başqa hər miqrasiya növünə uyğun şərtlər var. Biznes miqrasiyası üçün ayrı, tələbə vizası üçün bir başqa şərtlər mövcuddur.

– Bu statusu alandan sonra insanların həyatı necə dəyişir? Yeni dünyaya adaptasiya olunmaq üçün o, hökumətdən hansı yardımları var?

– Hökumət yalnız məcburi miqrantlara, sığınacaq alanlara yardım göstərir. Başqaları isə gərək sübut etsinlər ki, ABŞ hökumətindən vətəndaş olana qədər yardım istəməyəcəklər. Amma Amerikaya adaptasiya çox asandır. Bura miqrantlar ölkəsi olduğundan cəmiyyətə inteqrasiya çətin deyil. Bir də miqrantları dəstəkləyən çoxlu qeyri-hökumət təşkilatları və dini qurumlar var ki, onlar da hər cür dəstək göstərir.